Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Prezidenti Donald Tramp cümə axşamı etdiyi açıqlamada, "Apple" şirkətinin baş direktoru Tim Kuka məhsullarını Hindistanda istehsal etməsini istəmədiyini bildirib.
Banco.az xəbər verir ki, bu ifadələr "Apple"ın istehsalı Çindən kənara çıxarma səylərinə yönəlmiş bir tənqid kimi şərh edilib və Tramp şirkətin istehsalını ABŞ-a yönəltməsinin vacib olduğunu vurğulayıb.
Tramp açıqlamasında deyib:
“Dünən Tim Kukla bir az problem yaşadım. Timə dedim ki, ‘Bax Tim, sənə həqiqətən yaxşı münasibət göstərdik, illərlə Çində qurduğun fabriklərə göz yumduq. Amma artıq bizim üçün istehsal etməlisən. Bura 500 milyard dollarlıq sərmayə ilə gəlirsən, amma indi eşidirəm ki, Hindistanda hər yerdə fabrik qurursan. Hindistanda istehsal etməyini istəmirik, Hindistan öz dərdinə özü çarə tapsın… Biz istəyirik ki, sən istehsalı burda edəsən.”
Tramp bu sözləri ilə "Apple"ın fevral ayında elan etdiyi 500 milyard dollarlıq ABŞ sərmayəsi öhdəliyinə istinad edib.
Xatırladaq ki, "Apple" Çinə olan asılılığını azaltmaq məqsədilə Hindistandakı istehsalını sürətləndirir və qarşıdakı bir neçə il ərzində dünya üzrə satılan iPhone-ların təxminən 25%-ni Hindistanda istehsal etməyi planlaşdırır. Hazırda "Apple"ın flaqman smartfonlarının təxminən 90%-i Çində istehsal olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!