"Toyota" müstəqil direktorların sayını 50%-ə çatdırmağı planlaşdırır | Banco.az

"Toyota" müstəqil direktorların sayını 50%-ə çatdırmağı planlaşdırır

Müəllif  - Eldar Kərimov - Banco.az

"Toyota" direktorlar şurasında müstəqil direktorların sayını 50%-ə çatdırmağı planlaşdırır

Yapon avtomobil istehsalçısı "Toyota Motor Corp." direktorlar şurasında müstəqil üzvlərin sayını artırmağı və nəzarət və audit komitəsinin strukturunu dəyişdirməyi planlaşdırır. Bu barədə şirkətin saytında dərc olunan mətbuat relizində məlumat verilib.

Müstəqil direktorlar şuranın yarısını, yəni 10 nəfərdən 5-ni təşkil edəcək. Nəzarət və audit komitəsindəki direktorlar şurasının 4 nümayəndəsindən 3-ü də müstəqil olacaq.

"Toyota"nın mətbuat relizində qeyd olunub ki, "direktorlar şurasının bütün üzvləri daxili və ya xarici vəzifələri və titulları ilə bağlı hər hansı məhdudiyyət olmadan müzakirələrdə iştirak edə biləcəklər. Bu, şuranın fəaliyyətinin genişlənməsinə və canlanmasına kömək edəcək."

"Toyota" vurğulayıb ki, müstəqil üzvlərin rolunun artırılması qərar qəbulu prosesini yaxşılaşdıracaq, çünki bu, şirkətdə idarəetmə vəzifələrində çalışan və müəyyən məhsullar və regionlar üçün cavabdeh olan direktorların təcrübəsini xarici direktorların daha geniş ekspertizası ilə birləşdirməyə imkan verəcək.