Taleh Kazımov: "Gələn il məqsəd inflyasiyanın hədəf daxilində saxlamaqdır" | Banco.az

Taleh Kazımov: "Gələn il məqsəd inflyasiyanın hədəf daxilində saxlamaqdır"

2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanması olacaq.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşun müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, inflyasiyanın hədəf daxilində idarə edilməsi həm iqtisadi artımın davamlılığı, həm də maliyyə sabitliyi üçün zəmin yaradacaq: "​Bu məqsədlə monitar sferada islahatlar davam etdiriləcək, inflyasiyanın amilləri və maliyyə bazarlarında gedən proseslərin təhlili dərinləşdiriləcək. ​Mərkəzi Bank pul siyasətini həyata keçirməklə, əsasən inflyasiyanın tələb amillərinin idarə olunmasına önəm verəcək. ​Təklif amillərinin effektiv idarə olunması üçün hökumətlə birgə səylər göstəriləcək."

O qeyd edib ki, ​Mərkəzi Bankın son (bu ilin oktyabr ayında verilən) yenilənmiş proqnozuna görə 2026-cı ildə illik inflyasiya 5,7 % olacağı gözlənilir: "İnflyasiyanın formalaşmasında təklif amillərinin də yüksək olacağı gözlənilir. ​Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. ​Proqnozlara görə, növbəti ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək".

​T.Kazımov bildirib ki, Mərkəzi Bankın oktyabr proqnozlarına görə, baza ssenarisi üzrə 2026-cı ilin sonunda cari əməliyyat balansının profisiti 3 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir: "​Pul siyasəti alətlərdən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. ​Maliyyə sektoru üzrə prioritetlər 2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasına uyğun olaraq həyata keçiriləcək".

apa