Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google”un süni intellektlə işləyən cavab sistemi “AI Overview” məlumat əldə etməyi asanlaşdırır. Lakin bu texnologiya araşdırmaçı jurnalistika və müstəqil media qurumları üçün ciddi təhlükə yaradır.
Banco.az xəbər verir ki, araşdırmaçı jurnalistikanın olmadığı bir dünyanı təsəvvür etmək çətin ola bilər. Ancaq “Google”un süni intellekt dəstəkli “AI Overview” (AIO) axtarış funksiyası bu distopik senarini hər keçən gün bir qədər də mümkün edir.
2024-cü ilin may ayında ABŞ-da istifadəyə verilən AIO-lar oktyabr ayı etibarilə 100-dən çox ölkədə aktivləşdirilib. “Google” axtarışlarında ən yuxarıda çıxan bu avtomatik xülasələr istifadəçilərə sürətli və birbaşa cavab verməyi hədəfləyir. Lakin bu rahatlıq ciddi bir bədələ başa gəlir: istifadəçilərin orijinal mənbələrə klikləmə ehtiyacı azalır. Nəticədə, məzmun istehsalçıları, xüsusilə də xəbər nəşriyyatları trafik itkisi yaşayır.
“The Verge” baş redaktoru Nilay Patelin ortaya atdığı “Google Zero” anlayışı bu dəyişikliyi xülasə edir: istifadəçilərin bütün suallarını, öyrənmə və alış-veriş proseslərini yalnız Google ekosistemi daxilində həyata keçirməsi. Bu model rəqəmsal nəşriyyatlar üçün davamlı gələcək vəd etmir. Xüsusilə reklam gəlirlərindən asılı olan xəbər redaksiyaları bu yeni düzəndə ciddi zərbə alır.
AIO genişlənir, trafik azalır
Rəqəmlər AIO-nun təsirini açıq şəkildə göstərir. Analitiklərə görə, AIO ABŞ-dakı axtarış sorğularının 55%-nə qədərində yer alır. Bu isə markalar üçün orta hesabla 35%-lik orqanik trafik itkisi deməkdir. Bəzi nəşriyyatlar isə 60%-ə qədər düşüş bildirilir. Rəqəmsal reklamlara bağlı xəbər mərkəzləri üçün bu, sadəcə trafik problemi deyil, həm də bir varlıq böhranıdır.
Jurnalistika niyə əvəzolunmazdır?
Jurnalistika yalnız məzmun istehsal etmək deyil. O, korrupsiyanı üzə çıxaran, güclüləri sorğu-sual edən və ictimaiyyəti məlumatlandıran bir nəzarət mexanizmidir. Watergate skandalını işıqlandıran Woodward və Bernstein, Katolik Kilsəsindəki istismarı ifşa edən Boston Globe, Harvey Weinstein-ın cinayətlərini sənədləşdirən The New York Times… Bu cür araşdırmalar sadəcə xəbər deyil, dəyişiklik yaradan güclər idi.
Lakin bu tip jurnalistika həm bahalı, həm də vaxt aparıcıdır. Son illərdə çap və rəqəmsal reklam gəlirlərindəki kəskin azalma xəbər redaksiyalarının kiçilməsinə gətirib çıxardı. 2008–2021-ci illər arasında ABŞ-da qəzet işçilərinin sayı 50% azalıb. Yalnız son iki ildə 21.000-dən çox media əməkdaşı işini itirib.
Bu vəziyyət sadəcə biznes modeli ilə bağlı deyil; demokratiyaya birbaşa təsir edən böhrandır. Araşdırmaçı jurnalistika yoxa çıxdıqda, həqiqətə çatmaq, hesabat tələb etmək və ictimai maraqları qorumaq imkanımız da zəifləyir. Korrupsiya gizlədilir, güc sahibləri nəzarətsiz qalır və cəmiyyətin ən həssas təbəqələri daha da görünməz olur.
Bu gün hərəkətə keçmək üçün kritik bir mərhələdəyik. Jurnalistikanı yalnız keçmişin deyil, həm də rəqəmsal dövrün əvəzolunmaz bir parçası kimi mövqeləndirməliyik.
Bizi sosial şəbəkələrdən izləyin!!