Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Maskın şirkəti “SpaceX” digər şirkəti olan “xAI”a 2 milyard dollar investisiya yatırmağa hazırlaşır.
Banco.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin “SpaceX”ə yaxın sərmayəçilərə istinadən verdiyi məlumata görə, şirkət Maskın süni intellekt startapı olan “xAI”a 2 milyard dollarlıq investisiya yatırmağa razılıq verib. Bildirilir ki, bu investisiya “Morgan Stanley” tərəfindən iyun ayının sonunda elan edilən 5 milyard dollarlıq özəl kapital artımının bir hissəsini təşkil edəcək.
Qeyd olunur ki, “SpaceX” Starlink internet xidmətinin müştəri dəstəyini təmin etmək üçün artıq “xAI”ın "Grok" adlı söhbətçi süni intellektindən istifadə edir və gələcəkdə bu əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.
İlon Mask, müxtəlif şirkətlərini bir-birini dəstəkləmək məqsədilə istifadə etməkdən çəkinmir. Bu, “SpaceX”in “xAI”a etdiyi ilk investisiyadır və şirkətin başqa bir müəssisəyə yatırdığı ən böyük sərmayələrdən biri olacaq.
“xAI” İlon Mask tərəfindən 2023-cü ilin mart ayında yaradılıb. Şirkətin qurulma məqsədi kainatın həqiqi mahiyyətini anlamaq olub. “xAI”ın fəaliyyətləri arasında Grok, PromptIDE kimi süni intellekt məhsulları yer alır. “SpaceX” isə tam adı ilə “Space Exploration Technologies Corporation” 2002-ci ildə kommersiya kosmik uçuşları dövrünün başlanmasına töhfə vermək məqsədilə Mask tərəfindən yaradılmış digər bir şirkətdir.
Bizi sosial şəbəkələrdən izləyin!!