Şifrəsiz Wi-Fi-lara qoşulmaq təhlükəlidirmi? – Açıqlama | Banco.az

Şifrəsiz Wi-Fi-lara qoşulmaq təhlükəlidirmi? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

Şifrəsiz Wi-Fi şəbəkələri geniş istifadə olunur. Belə şəbəkələr insanların internetə sürətli və sərfəli şəkildə qoşulmasına imkan yaradır. Daha çox bulvar ərazisində, hotellərdə, restoranlarda pulsuz Wi-Fi istifadə etmək mümkündür. Bəs bu cür şəbəkələr tam təhlükəsizdirmi? Şəxsi məlumatlarımız, xüsusilə də bank kartlarımız oğurlana bilərmi?

Mövzu ilə bağlı İKT mütəxəssisi Elvin Abbasov Banco.az-a məlumat verib. 

Ekspertin sözlərinə görə, pulsuz ictimai Wi-Fi şəbəkələri (məsələn, bulvar, kafe və aeroport Wi-Fi-ları) bank kartı məlumatlarınızın oğurlanması üçün real və yüksək riskli kanaldır: "Əsas problem ondadır ki, bu şəbəkələr adətən şifrələnməmiş və ya zəif şifrələnmiş olur. Nəticədə, cinayətkar (hacker) eyni şəbəkəyə qoşularaq, "Man-in-the-Middle" (Ortada Adam) adlanan üsul vasitəsilə sizin cihazınız və internet arasında ötürülən bütün məlumatları, o cümlədən daxil etdiyiniz bank kartı məlumatlarını (nömrə, CVV/CVC, şifrələr) və bank tətbiqinə giriş kodlarını asanlıqla izləyə və ələ keçirə bilər. Həmçinin, cinayətkarlar eyni adlı (məsələn, "Bulvar Free Wi-Fi" kimi) saxta, ziyanverici Wi-Fi şəbəkələri quraraq istifadəçiləri aldadıb onların məlumatlarını birbaşa toplayırlar".

E. Abbasov bildirib ki, bu təhlükələrdən qorunmaq üçün ictimai Wi-Fi istifadə edərkən bank əməliyyatları, onlayn alış-veriş və ya hər hansı həssas məlumatın daxil edilməsindən qəti şəkildə çəkinmək lazımdır: "Zərurət yarandıqda isə mobil internet (3G/4G/5G) və ya VPN (Virtual Private Network) xidmətindən istifadə edilməlidir. VPN bütün ötürülən məlumatı şifrələyərək onu kənar müdaxilədən qoruyur. Təhlükəsizlik üçün görüləcək əsas tədbirlər arasında həmçinin bank tətbiqlərində iki-faktorlu autentifikasiyanın (2FA) aktiv edilməsi və cihazda güclü antivirus proqramının istifadəsi də yer alır. Unutmayın ki, ictimai şəbəkələr brauzerinizin şifrələnməsinə baxmayaraq, əməliyyatlarınız üçün hər zaman risk yaradır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram