Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-aprel aylarında 21,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.
Sənaye məhsulunun 62,3 faizi mədənçıxarma sektorunda, 30,6 faizi emal sektorunda, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,4 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 90,3 faiz, əczaçılıq məhsullarının istehsalı 54,4 faiz, maşın və avadanlıqların istehsalı 26,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7 faiz, qida məhsullarının istehsalı 12,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,3 faiz, içkilərin istehsalı 4,0 faiz, tütün məmulatlarının istehsalı 3,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,3 faiz artmış, mebel istehsalı 3,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,9 faiz, elektrik avadanlıqlarının istehsalı 5,4 faiz, neft məhsullarının istehsalı 9,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, tikinti materiallarının istehsalı 12,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, kağız və karton istehsalı 26,6 faiz, geyim istehsalı 42,8 faiz, poliqrafiya məhsullarının istehsalı isə 48,2 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artıb.