Müəllif - Fərid İslamov - Banco.az
Dünya üzrə neft emalı marjasının artımı, Çinin neft emalı və neft-kimya güclərini genişləndirmək üçün aktiv investisiya dövrünü başa vurmasından sonra başlayacaq. Bu fikri Saudi Aramco şirkətinin maliyyə direktoru Ziyad əl-Murşed investorlar üçün keçirilən telekonfransda səsləndirib.
O bildirib ki, 2024-cü ildə qlobal neft emalı marjası azalıb, bu da xüsusilə 2022-2023-cü illərin yüksək göstəriciləri ilə müqayisədə nəzərə çarpır.
"Marja hələ də aşağı səviyyədədir. Biz, təbii ki, daha sürətli bir bərpa prosesi görmək istərdik. Problem ondadır ki, hələ də böyük investisiyalar var. Çin özünü təmin etmə istiqamətində çalışır. Bəli, bu sərmayələr əsasən neft-kimya sektoruna yönəlib, lakin onlar eyni zamanda yanacaq seqmentinə də təsir edir, çünki bu sahələr yüksək dərəcədə inteqrasiya olunub. Nəticədə həm neft emalı, həm də kimya sənayesində marja çətinlik çəkir. Çin özünü təmin etdikdən sonra isə investisiya dövrü əhəmiyyətli dərəcədə yavaşlayacaq və bundan sonra tələbin təklifi ötmək imkanı yaranacaq, marja isə yaxşılaşacaq", – deyə əl-Murşed vurğulayıb.
Eyni zamanda, Saudi Aramco-nun baş direktoru Amin Nasser bildirib ki, uzunmüddətli perspektivdə bazara əsas təsir edən amil tələb olacaq. O, əvvəllər də növbəti onillikdə neft emalı marjasının güclü qalacağını düşündüyünü qeyd edib.