"Samsung" və "Nvidia" süni intellekt sahəsində əməkdaşlıq edəcəklər | Banco.az

"Samsung" və "Nvidia" süni intellekt sahəsində əməkdaşlıq edəcəklər

Müəllif:Mehin Qasımova,Banco.az

"Samsung" və "Nvidia" süni intellekt texnologiyalarının inkişafı və istehsala inteqrasiyası istiqamətində böyük tərəfdaşlıq elan ediblər.

Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, bu əməkdaşlıq yarımkeçiricilərin, mobil cihazların və robototexnika sahəsində yeni nəsil texnologiyaların dizaynı və istehsalını daha da sürətləndirəcək. Samsung-un qurduğu AI Fabriki çip dizaynı, istehsal, avadanlıq, əməliyyatlar və keyfiyyətə nəzarət mərhələlərini vahid intellektual şəbəkədə birləşdirəcək. Sistem real vaxtda istehsal proseslərini analiz edərək proqnozlar verəcək və optimallaşdırma imkanları yaradacaq.

"Samsung" ənənəvi avtomatlaşdırmadan kənara çıxaraq məlumatların toplanması, birləşdirilməsi və şərhi əsasında işləyəcək tam ağıllı istehsal ekosistemi qurmağı hədəfləyir.

İki şirkət arasında əməkdaşlıq 25 ildən çoxdur davam edir. Nvidia-nın ilk qrafik kartlarında Samsung-un DRAM həllərindən istifadə edilməsi ilə başlayan tərəfdaşlıq bu gün süni intellektlə dəstəklənən istehsal xəttinin yaradılmasına qədər genişlənib.

Davam edən əməkdaşlığın növbəti mərhələsi isə HBM4 yaddaş həllərinin birgə hazırlanmasıdır. Samsung-un ultra yüksək bant genişliyi və enerji səmərəliliyi ilə seçilən qabaqcıl HBM texnologiyalarının gələcək AI tətbiqlərinin inkişafına ciddi təkan verəcəyi gözlənilir.