"Samsung" şirkətinin üçüncü rübdə əməliyyat mənfəəti rekord həddə çatıb | Banco.az

"Samsung" şirkətinin üçüncü rübdə əməliyyat mənfəəti rekord həddə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Samsung Electronics" süni intellektə artan tələbatın dəstəklədiyi çip biznesi sayəsində üçüncü rübdə rekord əməliyyat mənfəəti gözləyir.

Banco.az xəbər verir ki, şirkətin ilkin hesablamalarına əsasən, üçüncü rüb üzrə əməliyyat mənfəəti 107,4 trilyon von (təxminən 80,2 milyard dollar) təşkil edib.

Bu, "Samsung" tarixində əməliyyat mənfəətinin ilk dəfə 100 trilyon vonu keçməsi deməkdir.

Şirkətin üçüncü rüb üzrə mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 782% artdığı bildirilir. Gəlirin isə illik müqayisədə təxminən 127% artaraq 195 trilyon von səviyyəsinə çatacağı gözlənilir.

Buna baxmayaraq, "Samsung" səhmləri cümə axşamı səhər saatlarında 0,7% ucuzlaşıb.

eToro-nun Asiya-Sakit Okean regionu üzrə baş analitiki Coş Gilbert bildirib ki, şirkət rekord mənfəət əldə etsə də, nəticələr bazarın gözləntilərini tam doğrultmayıb.

Onun sözlərinə görə, bu vəziyyət süni intellekt sektoruna dair investor gözləntilərinin nə qədər yüksək olduğunu göstərir.

Gilbert qeyd edib ki, süni intellektə yatırımlar yaddaş çiplərinə tələbatı artırdığı və təklif məhdudlaşdığı üçün çip sektoru üzrə fundamental perspektiv güclü olaraq qalır.

Analitik xüsusilə süni intellekt agentlərinin yayılmasının yaddaş çiplərinə tələbatı daha da artıra biləcəyini vurğulayıb. Bu sistemlərin ənənəvi chatbotlarla müqayisədə daha çox yaddaş resursuna ehtiyac duyduğu bildirilir.