Azərbaycana benzin idxalının artmasının səbəbi ötən il ölkədə keçirilən beynəlxalq tədbirlərlə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı dayandırması ola bilər.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycana benzin idxalının artmasının əsas səbəbi barədə dəqiq məlumatı SOCAR verə bilər: “Ancaq bizim ehtimallarımıza görə, buna səbəb ötən il Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanması olub”.
O vurğulayıb ki, Azərbaycan Neft Emalı Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün 92 markalı benzin idxal edib.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Aİ-92", “Aİ-95” markalı benzinləri, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
report