Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya Mərkəzi Bankı hökumətə kriptovalyuta əməliyyatlarına yalnız ixtisaslı investorlara icazə verilməsini təklif edib.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq kriptovalyutaların tənzimlənməsi ilə bağlı hökumətə müxtəlif təkliflərin təqdim edildiyi bildirilib.
Müvafiq olaraq, Rusiyada məhdud sayda investorun kriptovalyuta alqı-satqısı tövsiyə edilir və bu istiqamətdə üç illik sınaq müddətinin başlanması planlaşdırılır.
Kriptovalyutalarla ticarət edə biləcək investorların 100 milyon rubldan (təxminən 1,1 milyon dollar) artıq qiymətli kağızlar və depozitlər şəklində aktivləri olmalıdır, eyni zamanda ixtisaslı investorlar kimi müəyyən edilən şirkətlərin də sınaq prosesində iştirakına icazə verilməsi planlaşdırılır.
Açıqlamada Rusiya Mərkəzi Bankının kriptovalyutaları ödəniş vasitəsi kimi görmədiyi vurğulanıb və sınaq müddəti xaricində olan şəxslərin kriptovalyuta ilə ödəniş etmələrinin qadağan edilməsinin təklif edildiyinə diqqət çəkilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin avqustunda imzaladığı fərmanla beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsi qanuniləşdirilib.