Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın Baş naziri Mixail Mişustin dost ölkələrlə ticarətin rekord göstəricilərə yüksəldiyini bildirib.
Banco.az xəbər verir ki,onun sözlərinə görə, Rusiyanın xarici ticarətində milli valyutaların payı 85 faizə çatıb, ticarətdə “dost ölkələrin” payı isə 86 faiz təşkil edir.
Mişustin bu barədə Moskvada Rusiya hökumət rəsmiləri ilə keçirilən xarici ticarətə həsr olunmuş iclasda çıxış edərkən danışıb. Baş nazir qeyd edib ki, qlobal iqtisadiyyatda Qlobal Cənub və Şərq ölkələrinin, xüsusilə də BRICS üzvlərinin payı artmaqda davam edir, G7 ölkələrinin payı isə azalır.
Onun sözlərinə görə, Rusiya 2030-cu ilə qədər qeyri-enerji məhsullarının ixracda payını 67 faizə çatdırmağı hədəfləyir. Bu məqsədə sənaye və kənd təsərrüfatı məhsullarının ixracının artırılması hesabına nail olunması planlaşdırılır.
Mişustin xarici ticarətdə milli valyutalara keçidin sürətlə davam etdiyini vurğulayaraq bildirib ki, ötən ilin ilk 10 ayında Rusiyanın ümumi xarici ticarət əməliyyatlarının 85 faizi milli valyutalarla həyata keçirilib. Beynəlxalq ödənişlərin yarıdan çoxu isə rubl ilə aparılıb.
Baş nazir ötən il Çin, Hindistan, Qazaxıstan və Belarusla ticarət əlaqələrində ciddi irəliləyişlər əldə olunduğunu da qeyd edib.
