Müəllif - Eldar Kərimov/ Banco.az
Amerikanın məşhur fond bazarı ticarət platformasının operatoru Robinhood Markets 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini 30 dəfədən çox artırıb.
Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 916 milyon dollar və ya hər səhm üçün 1,01 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 30 milyon dollar və ya hər səhm üçün 0,03 dollar olub.
Robinhood-un rüblük gəliri iki dəfədən çox artaraq 1,01 milyard dollar (rekord göstərici) olub. Ötən il bu göstərici 471 milyon dollar təşkil edirdi.
FactSet analitiklərinin gözləntilərinə əsasən, şirkətin hər səhm üçün 0,42 dollar xalis mənfəət və 934 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılırdı.
Hər istifadəçiyə düşən orta gəlir iki dəfə artaraq 164 dollara çatıb.
Robinhood-un xalis faiz gəliri hesabat rübündə 25% artaraq 296 milyon dollar olub (ötən il 236 milyon dollar idi).
Platformada həyata keçirilən əməliyyatlardan əldə olunan gəlir təxminən 3,4 dəfə artaraq 672 milyon dollara çatıb. Bunun içində:
- Kriptovalyuta ticarətindən gəlir 8 dəfədən çox artaraq 358 milyon dollar olub,
- Səhm ticarətindən gəlir 2,4 dəfə artaraq 61 milyon dollar olub.
2024-cü ilin yekunlarına əsasən, şirkətin illik gəliri təxminən 1,6 dəfə artaraq 2,95 milyard dollara çatıb.
İllik xalis mənfəət isə 1,95 milyard dollar və ya hər səhm üçün 1,56 dollar təşkil edib. Halbuki, bir il əvvəl Robinhood 560 milyon dollar zərər etmişdi (hər səhm üçün 0,61 dollar itki).
Son üç ayda Robinhood-un bazar kapitalizasiyası 73,5% artıb.