Müəllif - Fərid İslamov - Banco.az
ABŞ elektrik avtomobil istehsalçısı Rivian növbəti işçi ixtisarını keçirir, bu da təxminən 4% əməkdaşları əhatə edəcək, məlumatı The Wall Street Journal mənbələrə istinadən yayıb.
Məlumatlara görə, 600-dən çox əməkdaş işini itirə bilər. 2024-cü ilin sonunda şirkətdə təxminən 15 min nəfər çalışırdı.
Bir ay əvvəl Rivian işçi heyətinin təxminən 1,5%-ni ixtisar etmişdi. Şirkət bildirib ki, bu addım növbəti il daha əlçatan SUV modelinin satışa çıxarılmasına hazırlıq çərçivəsində xərcləri azaltmaq məqsədini daşıyır.
Rivian və digər elektrik avtomobil istehsalçıları daha ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqini dəstəkləyən siyasətin dayandırılmasından ciddi təsirləniblər. Elektrik avtomobili alan istehlakçılara verilən $7,5 min məbləğində vergi güzəşti ləğv olunacağı üçün satışların azalması gözlənilir.
Üçüncü rübdə Rivian 13,2 min elektrik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur. Eyni zamanda, şirkət 2025-ci il üzrə çatdırılma proqnozunu 41,5-43,5 min maşın səviyyəsinə endirib, əvvəlki proqnoz 40-46 min idi.
Rivian-ın səhmləri cümə axşamı ticarət zamanı 0,9% artıb. Cari ilin əvvəlindən şirkətin bazar dəyəri 2% azalıb (15,7 mlrd dollar), halbuki Nasdaq Composite indeksi 18,4% artıb.
