Qlobal istiqraz satışları tarixi rekord həddə çatıb | Banco.az

Qlobal istiqraz satışları tarixi rekord həddə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal istiqraz bazarı investor tələbinin kəskin artması və emitentlərin aşağı faiz dərəcələrini fürsət bilməsi fonunda tarixi rekorda imza atıb.

Banco.az xəbər verir ki, Bloomberg-in tərtib etdiyi məlumatlara görə, 2026-cı ildə qlobal istiqraz buraxılışlarının həcmi 1 trilyon dollar həddini keçib.

Müqayisə üçün, 2024-cü ildə bu göstəriciyə fevralın 7-də, ötən il isə yalnız fevralın 11-də çatılmışdı. Cari ildə rekordun qırılmasında Oracle Corp.-un həyata keçirdiyi 25 milyard dollarlıq istiqraz satışı əsas rol oynayıb. Bu əməliyyat 2026-cı ildə indiyədək qeydə alınan ən böyük istiqraz buraxılışıdır.

Bu il bazardakı iri əməliyyatların böyük hissəsi hökumətlərin payına düşür. Belə ki, dövlət istiqrazları ümumi buraxılışların 40 faizdən çoxunu təşkil edərək, hökumətləri bazarın əsas oyunçusu mövqeyində saxlayır. Maliyyə institutları da aktivliyi ilə seçilir. Xüsusilə Goldman Sachs Group Inc.-in 16 milyard dollarlıq rekord istiqraz satışı sektorun payını artırıb və maliyyə qurumlarının ümumi buraxılışlarda payı təxminən 35 faizə çatıb.

Texnologiya nəhəngləri də bazara sürətli giriş ediblər. "Oracle", "AT&T" və "IBM" kimi şirkətlər iri həcmli istiqraz buraxılışları ilə diqqət çəkir. Analitiklər hesab edirlər ki, şirkətlərin maliyyə hesabatı mövsümü başa çatdıqdan sonra korporativ sektorun istiqraz bazarındakı payı daha da artacaq.