Qlobal bazarlarda dollar ucuzlaşır: ABŞ valyutasına inam azalır? | Banco.az

Qlobal bazarlarda dollar ucuzlaşır: ABŞ valyutasına inam azalır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında dəyər itirməyə başlayıb.

Banco-nun məlumatına görə, cümə günü 0,4 faiz ucuzlaşan Bloomberg Dollar İndeksi bu səhər 0,2 faiz ucuzlaşıb və 1242-yə düşüb.  Analitiklər bildirir ki, bu həftə bazarlarda əsas müzakirə mövzusu ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrində ən yüksək səviyyəyə çatması fikri olmaqda davam edəcək.

Hazırda qlobal bazarlarda dolların ucuzlaşmasına səbəb olan faktorlar barədə Banco.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli də bildirdi ki, dolların qiymətinə təsir edən əsas məsələ Amerika Mərkəzi Bankının apardığı uçot siyasətidir:

Ekspert xatırlatdı ki,  FED-in uçot siyasəti inflyasiya səviyyəsindən formalaşır.

“Amerika Mərkəzi Bankının hədəf inflyasiyası var. Onlar bunu  qiymət səviyyəsi, işçilərin əməkhaqlarının dəyişməsi, məşqulluq və digər göstəricilərə uyğun müəyyən edirlər. Hazırda inflyasiyanın zəifləməsi,  FED-in faiz dərəcəsinin artımını dayandıracağı fikrini formalaşdırır. Ola bilsin ki, FED iqtisadiyyatı stimullaşdırmaq üçün növbəti ildə də faizləri aşağı salacaq. Hazırda  qlobal bazarda dolların məzənnəsinin qalxıb  və ya düşməsinə səbəb budur”.

Bəs ABŞ dollarının ticarətdə istifadə imkanları azaldıqca bu onun dominantlığına necə təsir edəcək?

Bu suala cavab olaraq ekspert qeyd etdi ki, bu istiqamətdə çağırışlar olsa da, o qədər də ciddi sayılmayacaq səviyyədədir.

“İnsanlar yenə də Amerika dollarını sevirlər.  Azərbaycanın Neft Fondunda rezerv  valyutalarının əhəmiyyətli hissəsi dollardadır.  Bu cür yığım fondlarının əksəriyyətində də dollar yenə də əsas  yığım vasitəsi kimi tanınır.

Risk yaradan faktorlar müharibələr sayılsa da, gərginlik Avropa və Asiyada getdiyi üçün dollar üçün ciddi risk yoxdur.  Hazırda ABŞ-nin  iqtisadi artımı onu deməyə imkan verir ki, növbəti illər üçün Amerika şirkətlərinin daha yaxşı fəaliyyət göstərmək ehtimalı var.

Sahibkarlar  Amerikanı  daha çox təhlükəsiz ölkə hesab etdiyinə görə pullarını Amerika istiqrazlarına qoyurlar, Amerika qiymətli kağızlarını alırlar. Bu baxımdan da hətta gərgin dövrlərdə Amerika üçün yaxşı dövrdür”,- deyə Xalid Kərimli bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram