Putin: Rusiyadan Çinə qaz nəqli 100 milyard kubmetrə çata bilər | Banco.az

Putin: Rusiyadan Çinə qaz nəqli 100 milyard kubmetrə çata bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya Çinlə boru kəmərləri vasitəsilə qaz tədarükü üzrə yeni razılaşmalar nəticəsində Çinə qaz ixracını ildə 100 milyard kubmetrdən çoxa çatdırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında açıqlayıb.

"Monqolustan vasitəsilə "Sibirin Gücü 2" qaz kəməri ilə  50 milyard kubmetr olacaq. Hazırda əlimizdə olan 38 milyard "Sibirin Gücü" ilə kubmetr qazdır, sonra daha bir neçə marşrut var ki, onlar da artacaq. Ümumilikdə bu, 100 milyard kubmetrdən çox olacaq", – Putin bildirib.

Bundan əvvəl “Qazprom”un baş direktoru Aleksey Miller Çinlə “Sibirin Gücü 2” qaz kəmərinin və Monqolustan ərazisindən keçəcək “Soyuz Vostok” tranzit qaz kəmərinin tikintisinə dair hüquqi qüvvəyə malik memorandum imzalandığını elan edib.

Miller əlavə edib ki, mövcud “Sibirin Gücü” qaz kəməri ilə nəql həcmi 38 milyard kubmetrdən 44 milyard kubmetrə çatdırılacaq. Həmçinin “Uzaq Şərq marşrutu” ilə tədarük illik 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artırılacaq. Bu marşrutla qazın 2027-ci ildə nəqlinə başlanması nəzərdə tutulur.