Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın lüks avtomobil istehsalçısı Porsche AG-nin qlobal avtomobil tədarükləri 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalaraq son altı ilin ən aşağı səviyyəsinə enib.
Banco.az xəbər verir ki, şirkət yanvar-iyun aylarında ümumilikdə 122 306 avtomobil təhvil verib. Bu göstərici 2020-ci ildən bəri qeydə alınan ən aşağı yarımillik satış həcmi hesab olunur.
Şirkətin açıqladığı məlumata görə, satışlar demək olar ki, bütün əsas bazarlarda azalıb. Şimali Amerika bazarında tədarüklər 13%, Çin bazarında isə 32% geriləyib.
"Porsche" satışlardakı azalmanı bir neçə amillə izah edir. Bunlara daxili yanma mühərrikli 718 modelinin istehsalının dayandırılması, ötən il tam elektrikli "Macan" modelinin yaratdığı yüksək müqayisə bazası və ABŞ-də elektrikli və hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğvi daxildir.
Məlumatın açıqlanmasından sonra Frankfurt Fond Birjasında şirkətin səhmləri gün ərzində 1,3%-dək ucuzlaşıb.
