Müəllif:Mehin Qasımova,Banco.az
OPEC+ ölkələrinin onlayn formatda keçirilən görüşündə 2026-cı il üçün neft hasilatı ilə bağlı əvvəlki qərar yenidən təsdiqlənib.
Banco.az xəbər verir ki, OPEC-in yaydığı press-relizə əsasən, cari hasilat kvotaları gələn il boyunca dəyişməz olaraq qalacaq.
Görüşdə həmçinin 2027-ci il üçün istehsal səviyyələrinin müəyyənləşdirilməsində istifadə ediləcək yeni mexanizmi təsdiqləyiblər.
Bu mexanizm iştirakçı ölkələrin maksimal istehsal güclərini qiymətləndirmək üçün baza kimi tətbiq olunacaq.
Gözlənildiyi kimi, səkkiz OPEC+ ölkəsinin nazirləri 2026-cı ilin birinci rübündə hasilatının artırmama barədə əvvəl qəbul edilən qərarı da qüvvədə saxlayıblar. Beləliklə, birinci rüb üzrə hasilat səviyyəsi dekabr ayı üçün tətbiq olunan kvotalarla eyni olacaq.
Məlumata görə, səkkiz könüllü OPEC+ ölkəsinin növbəti iclası yanvarın 4-də, bütün təşkilat üzvlərinin geniş görüşü isə iyunun 7-də baş tutacaq.
