Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın süni intellekt texnologiyaları istehsalçısı “Nvidia” Avropaya əlavə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bunu şirkətin baş direktoru Jensen Huang Parisdə keçirilən tədbirdə açıqlayıb.
Onun sözlərinə görə, gələn həftə həyata keçirilməsi planlaşdırılan investisiya şirkətin ötən il Avropaya yatırdığı 8 milyard dollarlıq sərmayəyə əlavə olacaq. Huang həmçinin Fransanın “Doctolib”, “Genesis AI”, “Pigment” və “Entalpic” startaplarına yeni maliyyə dəstəyi göstərildiyini bildirib.
“Nvidia”nın baş direktoru süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək və şirkətin məhsullarına tələbatı artırmaq məqsədilə qlobal miqyasda yüz milyardlarla dollar investisiya yatırmaq niyyətində olduqlarını da vurğulayıb.
Huangın Avropaya səfəri süni intellekt texnologiyalarının inkişafı ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir. Xüsusilə, süni intellekt modellərinin nəzarətdən çıxması ehtimalı və böyük məlumat mərkəzlərinin yüksək enerji istehlakının ətraf mühitə təsiri müzakirə mövzusu olaraq qalır.
Avropa ölkələri və Böyük Britaniya isə süni intellektin mümkün risklərinin azaldılması və bu sahədə beynəlxalq təhlükəsizlik tədbirlərinin hazırlanmasında daha fəal rol oynamağa çalışırlar.
