Neftin qiyməti yenidən bahalaşdı – bazarda Hörmüz boğazı narahatlığı | Banco.az

Neftin qiyməti yenidən bahalaşdı – bazarda Hörmüz boğazı narahatlığı

Müəllif:Mehin Qasımova,Banco.az

Hörmüz boğazından neft tankerlərinin maneəsiz keçidinin nə vaxt bərpa olunacağı ilə bağlı qeyri-müəyyənlik fonunda dünya bazarında neft qiymətləri həftənin ilk ticarət günündə yüksəlib.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri 0,49 dollar və ya 0,59 faiz bahalaşaraq bir barel üçün 84,04 dollara çatıb. Cümə günü Brent 1,06 dollar və ya 1,3 faiz bahalaşmışdı.

ABŞ bazarında da artım qeydə alınıb. NYMEX-də WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,35 dollar və ya 0,45 faiz artaraq 78,53 dollar olub.

Neft bazarında qiymət artımının əsas səbəblərindən biri Hörmüz boğazında gəmiçiliyin gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir. İran boğazda gəmiçiliyin idarə olunması məsələsində Omanla razılaşmanın son mərhələsinə yaxınlaşdığını açıqlayıb. Bununla belə, Tehran boğazın tam açılması üçün ABŞ-ın bir sıra şərtləri yerinə yetirməsini tələb edir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazında vəziyyətin normallaşması ABŞ-ın atacağı addımlardan asılıdır. Onun sözlərinə görə, İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır və tərəflər arasında mesaj mübadiləsi yalnız vasitəçilər vasitəsilə həyata keçirilir.

Tehran həmçinin İran ərazisinə endirilən zərbələrə görə Vaşinqtondan kompensasiya tələb edir.

Bazar üçün əlavə risk isə Yaxın Şərqdə artan gərginlikdir. İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının Cəzanda yerləşən Saudi Aramco neft emalı zavoduna hücum etdiklərini açıqlayıblar.

Bundan əvvəl Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə üzv ölkələrdən birinə hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutan müdafiə əməkdaşlığı sazişi imzalayıb.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazında vəziyyətin necə inkişaf edəcəyi yaxın günlərdə neft qiymətlərinin əsas istiqamətini müəyyən edən amillərdən biri olacaq.