Naxçıvan Muxtar Respublikasında işaxtaran vətəndaşların işlə təmin edilməsi məqsədilə avqustun 19-dan etibarən növbəti əmək yarmarkaları keçiriləcək.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AzərTAc-a bildiriblər ki, ilk əmək yarmarkası Sədərək rayonunun Heydərabad qəsəbəsində təşkil olunacaq. Avqustun 20-də isə Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.
Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçiriləcək əmək yarmarkası avqustun 21-də baş tutacaq. Culfa rayonunun işaxtaran sakinlərinə avqustun 22-də, Ordubad rayon sakinlərinə 26-da, babəklilərə 27-də, 28-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası avqustun 29-da Gənclik Mərkəzində keçiriləcək.
Qeyd edək ki, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonların hər birində 2 dəfə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 519 nəfərə işə göndəriş verilib. Ümumilikdə, ötən 7 ay ərzində muxtar respublikada 1618 nəfər işlə təmin edilib.
AzərTAc