Müştəri mağazada hər hansı əşyanı sındırdıqda pulunu ödəməlidirmi? | Banco.az

Müştəri mağazada hər hansı əşyanı sındırdıqda pulunu ödəməlidirmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mağazada müştəri bir məhsula istəməyərək zərər verirsə, bunu kim ödəməlidir? Dəyəri az da olsa, bu sual insanları maraqlandırır. 

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Banco.az-a bildirib ki, Qanunvericiliyinə əsasən, müştəri mağazada əşyanı ehtiyatsızlıqdan sındırdıqda, əgər bu, mağazanın səhlənkarlığı (dar keçidlər, dayanıqsız rəflər) səbəbindən baş veribsə, pul ödəmək məcburiyyətində deyil:

"Mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. 

Mağazaya uyğun olaraq rəflərin düzülüş qaydaları müəyyən edilməlidir. Ancaq bəzi sahibkarlar belə vəziyyətdən  istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz.  Hüquqları pozulmuş müştərilər məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər. Ancaq, qəsdən sındırma, sərxoşluq və ya qeyri-təbii davranış nəticəsində zərər dəyibsə, müştəri dəymiş ziyanı ödəməlidir".

F. Əkbərov bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür: "Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsidə deyillir ki, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 

Mülki Məcəllənin 1103-cü maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 

Mülki Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram