Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın aparıcı maliyyə institutlarından biri olan "Morgan Stanley" işçi qüvvəsinin təxminən 3 faizini ixtisar etməyi planlaşdırır.
Banco.az xəbər verir, bu qərar bankın səmərəliliyin artırılması və strateji transformasiya planları çərçivəsində həyata keçirilir.
Məlumata görə, ixtisarlar təxminən 2500 əməkdaşı əhatə edə bilər.
Beynəlxalq mətbuatın yazdığına görə, ixtisarlar bankın üç əsas istiqamətinə – investisiya bankçılığı və ticarət, aktivlərin idarə olunması və investisiyaların idarə edilməsi bölmələrinə təsir edəcək. Bildirilir ki, qərar filiallarda fəaliyyət göstərən maliyyə məsləhətçilərini əhatə etməyəcək. Bank rəhbərliyi işdən çıxarılma qərarlarının strateji prioritetlər və əməkdaşların fəaliyyət qiymətləndirmələri əsasında verildiyini açıqlayıb.
Maraqlıdır ki, bu addım bankın güclü maliyyə göstəricilərinə baxmayaraq atılır. Belə ki, "Morgan Stanley" ötən il rekord maliyyə nəticələri əldə etdiyini və dördüncü rübdə gözləniləndən daha yüksək mənfəət qazandığını açıqlamışdı.
Məlumatlara əsasən, rəhbərlik bəzi sahələrdə ixtisarlar aparsa da, gələcəkdə inkişaf potensialı yüksək hesab edilən strateji bölmələrdə işçi sayını artırmağı planlaşdırır.
Ümumilikdə isə ABŞ-da iri şirkətlərdə ixtisar tendensiyası güclənir. Konsaltinq şirkəti Challenger, Gray & Christmas-ın məlumatına görə, ABŞ işəgötürənlərinin bu ilin yanvar ayında elan etdiyi işdənçıxarmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 118 faiz artaraq 108 min 435 nəfərə çatıb.
Ekspertlər bildirirlər ki, əməliyyatların optimallaşdırılması, xərclərin azaldılması və süni intellekt texnologiyalarının biznes proseslərinə sürətlə inteqrasiyası şirkətlərdə işçi qüvvəsinin strukturunu ciddi şəkildə dəyişir.
