Müəllif:Mehin Qasımova,Banco.az
“Meta Platforms” süni intellekt sahəsində liderliyini gücləndirmək məqsədilə adi və imtiyazlı səhmlərin satışı vasitəsilə 95 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, şirkətin açıqlamasına görə, təxminən 35 milyard dollar dəyərində adi və imtiyazlı səhmlərin satışı nəzərdə tutulur.
Bundan əlavə, “Meta” açıq bazarda vaxtaşırı səhm satışına imkan verən proqram vasitəsilə 60 milyard dollara qədər vəsait cəlb etməyi hədəfləyir. Bu proqram çərçivəsində səsvermə hüququ olmayan C sinif səhmlərinin satılması planlaşdırılır.
“Meta”nın baş direktoru Mark Zukerberq süni intellekt sahəsində mövqelərini gücləndirmək üçün şirkətin fəaliyyətini yenidən qurur. Bu çərçivədə genişmiqyaslı işə qəbul kampaniyası həyata keçirilir, yeni məhsullar təqdim olunur və süni intellekt modellərini dəstəkləyəcək infrastrukturun yaradılmasına böyük həcmdə vəsait ayrılır.
Şirkət “Muse” adlı şəxsi süni intellekt agentini və “Muse Wonder” adlı süni intellekt modelini də təqdim edib. Şirkət rəhbərliyinin bildirdiyinə görə, yeni model kodlaşdırma kimi tapşırıqlarda “OpenAI” şirkətinin “ChatGPT” və “Anthropic” şirkətinin “Claude” modelləri ilə rəqabət aparmaq qabiliyyətinə malikdir.
