Merck eksperimental preparat üçün 2 milyard dollara qədər ödəyəcək | Banco.az

Merck eksperimental preparat üçün 2 milyard dollara qədər ödəyəcək

Müəllif  - Fərid İslamov - Banco.az

Amerika əczaçılıq şirkəti Merck & Co., Çin şirkəti Jiangsu Hengrui Pharmaceuticals Co. ilə HRS-5346 preparatı üçün eksklüziv lisenziya müqaviləsi bağlayıb. Bu preparat Çin ərazisində ikinci mərhələ klinik sınaqlarından keçən eksperimental oral lipoprotein inhibitorudur.

“Qanda lipoproteinin yüksək konsentrasiyası, hər beşinci yetkin şəxsin əziyyət çəkdiyi aterosklerotik ürək-damar xəstəliklərinin inkişafı üçün təsdiqlənmiş risk faktorudur, - deyə Merck Research Laboratories-in prezidenti Din Li bildirib. - Eksperimental oral lipoprotein inhibitoru HRS-5346 bizim kardio-metabolik məhsul çeşidimizi genişləndirəcək və tamamlayacaq.”

Merck-in mətbuat məlumatına görə, Jiangsu Hengrui Pharmaceuticals ilkin olaraq 200 milyon dollar avans alacaq, müəyyən göstəricilərə nail olduqda isə əlavə olaraq 1,77 milyard dollar əldə edəcək, həmçinin HRS-5346-nın xalis satışlarından royalti qazanacaq.

Əməliyyatın yekunlaşması üçün tələb olunan icazələrin alınması 2025-ci ilin ikinci rübündə gözlənilir.