Maliyyə Nazirliyi bu il ilk dəfə dövlət istiqrazlarının buraxılışını bərpa edib.
Bu barədə Bakı Fond Birjası (BFB) xəbər verir. Məlumata görə, sentyabr ayının 9-da BFB-də Nazirliyin kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Nominal dəyəri 100 manat olan 20 milyon manat həcmində dövlət istiqrazı 8% gəlirliliklə 1080 gün müddətinə tədavülə buraxılacaq. İstiqrazlar üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.
Qeyd edək ki, Maliyyə Nazirliyi sonuncu dəfə ötən ilin dekabrın 28-də istiqraz buraxıb. 2025-ci ilin əvvəlindən isə istiqraz buraxılışı dayandırılıb. İlin əvvəlində dövlət istiqrazlarının bir hissəsi hətta geri çağırıb. Nazirlik bu ilin aprel ayından isə ilk dəfə depozit hərracı keçirib və qısa müddətli dövr üzrə ölkə üzrə əsas iri banklara yerləşdirmə etməyə başlayıb.