“Lenovo” xalis mənfəətini 38% artırıb | Banco.az

“Lenovo” xalis mənfəətini 38% artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük fərdi kompüter istehsalçısı olan “Lenovo” birinci maliyyə rübündə xalis mənfəətini və gəlirini artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin  press-relizində deyilir.

Məlumata görə, aprel-iyun aylarında xalis mənfəət illik müqayisədə 38% artaraq 243 milyon dollar və ya hər səhm üçün 1,99 dollar təşkil edib.

Şirkətin gəliri 20% artaraq 15,45 milyard dollara çatıb və LSEG tərəfindən sorğu edilən analitiklərin 14,1 milyard dollar proqnozundan daha yaxşı olub.

Komputerlər və smartfonların daxil olduğu və şirkətin əsas gəlir mənbəyi olan qurğular biznesi illik müqayisədə 11% artaraq 11,42 milyard dollara çatıb.

Qlobal bazardakı çətinliklərə baxmayaraq, “Lenovo” 23% bazar payı ilə fərdi kompüter bazarında liderliyini qoruyub. Bundan əlavə, ötən rübdə digər seqmentlərin ümumi gəlirdə payı rekord həddə - 47%-ə çatıb.

İnfrastruktur həlləri seqmentində gəlir 65% artaraq 1,9 milyard dollara, xidmət seqmentində isə bu rəqəm 10% artaraq 1,89 milyard dollara çatıb.

Qeyd edək ki, “Lenovo” səhmləri cümə axşamı Honq-Konq ticarətində 1% ucuzlaşıb. Şirkətin bazar dəyəri bu ilin əvvəlindən 8,2% azalıb.