2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici turistlərin konvertasiya olunan valyutada xərcləri 3 milyard manatdan, yerli turistlərin isə təkcə yanvar-sentyabr ayları üzrə xərcləri 4,5 milyard manatdan artıq olub.
Bu barədə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, ilin yekun göstəriciləri hələ açıqlanmasa da, ilkin qiymətləndirmələrə əsasən, turist xərclərinin 9 milyard manatı ötəcəyi proqnozlaşdırılır: "Yaxın illərdə bu göstəricilərin davamlı artımı gözlənilir ki, bu da həm ölkə rəhbərliyinin müəyyən etdiyi strateji tapşırıqlara, "2026-2030-cu illər üzrə Turizmin İnkişafı Dövlət Proqramı"na tam uyğundur.
Dövlət başçısı turizmun həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir və turizm sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Azərbaycan turizmi hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur".
K.Quluzadə qeyd edib ki, postpandemiya dövründə bərpa prosesi, geosiyasi sabitliksizlik, qloballaşma və informasiya əlçatanlığının genişlənməsi fonunda dünya turizm bazarında hər bir turist üçün rəqabət getdikcə kəskinləşir. Bu şəraitdə Azərbaycan formalaşmaqda olan turizm istiqaməti kimi qlobal bazarda mövqeyini daha fəal gücləndirməli və təqdim etməlidir: "Eyni zamanda faktiki beynəlxalq təcrübələr var ki, onların tətbiqi nəticəsində dünya üzrə bütün turizm ölkələri daha çox ziyarətçi cəlb edirlər. Bu prosesin əsas komponentlərindən biri qlobal bazarda həyata keçirilən marketinq kampaniyalarıdır".
Onun sözlərinə görə, turizmin inkişafına ayrılan xərclər baxımından Azərbaycan dünyada orta mövqelərdə qərarlaşıb, 119 ölkə arasında 65-ci yeri tutur: "Bu göstərici 2024-cü il üzrə Dünya İqtisadi Forumunun Səyahət və Turizm İnkişafı İndeksindən götürülüb. "Dövlətin səyahət və turizmin inkişafına ayırdığı xərclər" göstəricisi Dünya İqtisadi Forumunun qeyd olunan hesabatında 7 ballıq şkala üzrə qiymətləndirilir. Azərbaycanda bu göstərici 2,92 balla qiymətləndirilib. Dünya üzrə orta göstərici isə 3,5 baldır. Müqayisə üçün regiondakı qonşu ölkələrdən Gürcüstan 3,07 bal (56-cı yer), Ermənistan isə 3,31 bal (51-ci yer) ilə qiymətləndirilib".
"Gəlir artımını təmin etmək üçün isə daha çox investisiya tələb olunur. 2018-2024-cü illərdə Azərbaycan Turizm Bürosu hər yeni turistin cəlb edilməsi üçün 16,7 manat xərcləyib, dövlətin vergi gəlirləri isə 94,7 manat təşkil edib. Dövlət səviyyəsində turizmin inkişafına investisiya etmək təkcə sərfəli deyil, həm də zəruridir. Çünki turizm yalnız rəqəmlərdən ibarət deyil, həm də özünü, mədəniyyətini, tarixini geniş auditoriyaya tanıtmaq baxımından ən vacib sahələrdən biridir", - deyə K.Quluzadə vurğulayıb.
Sədrin müşavirinin sözlərinə görə, turizmdən əldə olunan milyardlarla gəlirin fonunda dövlət xərclərinin "ekspertlər tərəfindən yenidən formatlaşdırılması" cəhdləri "sadəlöhv" görünür: "Məsələn, bu günlərdə bəzi media platformaları xarici jurnalistlərin, bloger və turizm sənayesinin nümayəndələrinin Azərbaycan turizminin dünya bazarında təşviqi məqsədilə cəlb olunmasına ayrılan xərclərə "təəccüblənirlər". Bu, səriştəsizliyin göstəricisidir. Turizm sahəsində rəqəmsal marketinq turistlərin cəlb edilməsinin əsas vasitələrindən biridir. Dünyada səyahətçilərin üçdə birindən çoxu səyahət ideyalarının axtarışı üçün sosial şəbəkələrə müraciət edir. Şəbəkələrdə aktiv olmaq sadəcə bizim seçimimiz deyil, bir zərurətdir. Bu istiqamətdə artıq qeyd etdiyim kimi, xərclər baxımından, hətta qonşularımızdan da geriyə qalmışıq. Buna görə də yaxın gələcəkdə ən azından rəqabət qabiliyyətimizin artırılması üçün biz məşhur şüarda deyildiyi kimi, nəinki təkcə onlara çatmalı, hətta onları ötüb keçməliyik".
"Azərbaycan yaxın illərdə xarici turistlərin cəlb edilməsi və daxili turizm bazarının inkişafı sahəsində keyfiyyət və kəmiyyət baxımından kəskin artım nümayiş etdirməyi planlaşdırır. Ölkənin potensialı buna imkan verir. Hazırda postpandemiya bərpa prosesini tamamlayırıq. Növbəti beş il ərzində həm ziyarətçi sayı , həm turizmin ÜDM-də payının artması, həm dövlət və sənaye gəlirləri, həm yeni iş yerlərinin açılması, həm də ölkənin daha da tanınması baxımından artım təmin olunacaq", - deyə K.Quluzadə fikrini tamamlayıb.
