Müəllif - Fərid İslamov - Banco.az
CIM Group və Novva Data Centers şirkətlərinin birgə müəssisəsi Solt-Leyk-Siti yaxınlığındakı Uest-Cordan şəhərində məlumat mərkəzinin (data center) tikintisi üçün 2 milyard dollar kredit cəlb edib.
Bu, son illərdə tikinti üçün verilmiş ən böyük kreditlərdən biridir və JPMorgan Chase & Co. və Starwood Property Trust tərəfindən maliyyələşdirilib.
Yeni məlumat mərkəzi 100 akr (400 min kv. m)-lıq ərazini əhatə edəcək və onun gücü 175 MVt təşkil edəcək.
CIM və Novva 2020-ci ildə layihənin ilk mərhələsinin tikintisinə başlayıb və 2023-cü ildə istifadəyə verib. Qalan hissənin isə 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Yanvar ayında JPMorgan Chase Texasda məlumat mərkəzinin tikintisi üçün 2,3 milyard dollar kredit ayırıb. Halbuki daha əvvəl belə layihələr üçün 1 milyard dollardan çox vəsait ayrılması nadir hal idi. Əksər hallarda kredit məbləği 500 milyon dollardan az olurdu, - deyə WSJ qeyd edir.
Novva-nın qurucusu və rəhbəri Ues Svenson Yutanın məlumat mərkəzləri üçün əlverişli məkan olduğunu bildirir. Bunun səbəbi bölgədə zəlzələ və digər təbii fəlakətlərin az ehtimal olunmasıdır. Lakin o qeyd edir ki, quraq iqlim səbəbindən bu obyektlərin soyudulması üçün kifayət qədər su təmin etmək çətindir.