Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Onlayn ticarət sahəsində inqilaba imza atan və sektoru yeni səviyyəyə yüksəldən şəxslərdən biri də "Amazon"un qurucusu və ilk icraçı direktoru Jeff Bezosdur.
Onun idarəetməsi altında Amazon sadəcə pərakəndə satış platforması deyil, texnologiya və innovasiyanın qabaqcılı olaraq tarixə düşüb.
Banco.az bu haqqda olan maraqlı məqamları təqdim edir:
1994-cü ildə Vaşinqtonun Seattle şəhərinə köçən Bezos, öz qarajında bir ovuc əməkdaşla Amazon-un ilkin proqram təminatını hazırladı. Şirkət fəaliyyətə 1995-ci ilin iyulunda kitab satışı ilə başladı və tezliklə ən böyük onlayn pərakəndə platformalardan birinə çevrildi.
Amazon-un adını Cənubi Amerika çayından götürən Bezos, platformanı istifadəçilər üçün 24 saat açıq və rahat dizayn etdi. Şirkətin müvəffəqiyyəti rəqibləri – xüsusən də ənənəvi kitab mağazalarını – onlayn mağazalar yaratmağa təşviq etdi.
Zamanla Amazon fəaliyyətini genişləndirərək elektronika, geyim və digər istehlak malları sahəsinə daxil oldu. 2006-cı ildə Amazon Veb Xidmətləri (AWS) ilə bulud texnologiyasına sərmayə qoydu və dünyada bu sahədə liderlərdən birinə çevrildi.
2007-ci ildə Kindle oxuyucu cihazını təqdim edərək rəqəmsal kitab bazarında dönüş nöqtəsi yaratdı. 2010-cu ildə Kindle kitablarının satışı artıq ənənəvi kitab satışlarını üstələdi.
Amazon 2010-cu illərdə təkcə pərakəndə satıcı deyil, həm də Amazon Studios vasitəsilə film və televiziya layihələri ilə məşğul olmağa başladı. Şirkət 2018-ci ildə illik satış həcmini 233 milyard dollara çatdırdı və iki il sonra, COVID-19 pandemiyası dövründə, bir rübdə 100 milyard dollar gəlir əldə etdi.
Bezos, e-ticarətdən kənarda da böyük layihələrə imza atdı. 2000-ci ildə Blue Origin-i təsis edərək kosmik tədqiqatlara yönəldi və 2013-cü ildə The Washington Post-u 250 milyon dollara satın aldı. 2018-ci ildə onun xalis sərvəti 112 milyard dollara çatdı və onu dünyanın ən varlı insanları sırasına daxil etdi.
2024-cü il ərzində Jeff Bezos bir sıra mühüm hadisələrlə diqqət mərkəzində olub.
Fevral ayında Bezos, Amazon-dakı 24 milyon səhmindən 4 milyard dollar dəyərində satış həyata keçirdi və növbəti il ərzində əlavə 50 milyon səhm satmağı planlaşdırdığını açıqladı. Dekabr ayında keçirilən DealBook Sammitində o, vaxtının 95%-ni Amazon-un süni intellekt təşəbbüslərinə həsr etdiyini bildirmişdi.