İqlim böhranı Aİ-yə ildə 28,3 milyard avroya başa gəlir | Banco.az

İqlim böhranı Aİ-yə ildə 28,3 milyard avroya başa gəlir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) kənd təsərrüfatı sektorunun əlverişsiz hava şəraiti səbəbindən hər il 28,3 milyard avro zərər çəkdiyi bildirilir.

Banco.az xəbər verir ki, Avropa Komissiyası və Avropa İnvestisiya Bankı (AYB) "Avropa İttifaqında Kənd Təsərrüfatı üçün Sığorta və Risk İdarəetmə Alətləri" adlı araşdırmanı dərc ediblər.

Araşdırmada qeyd olunub ki, Aİ-yə üzv 27 ölkə quraqlıq kimi müxtəlif əlverişsiz hava hadisələri səbəbindən hər il məhsul və heyvandarlıq istehsalının təxminən 6%-ni itirir.

Kənd təsərrüfatı sektorunun pis hava şəraiti səbəbindən Aİ ölkələrində illik itkisinin 28,3 milyard avroya çatdığına diqqət çəkilən araşdırmada bunun 17,4 milyard avrosunun məhsul, 10,9 milyard avrosunun isə heyvandarlıqla bağlı itkilər olduğu bildirilib.

Araşdırmada ümumilikdə Aİ ölkələrində kənd təsərrüfatında iqlim risklərinin 50%-dən çoxunun quraqlıqla əlaqəli olduğu və bu sahəyə daha çox diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Quraqlıq, don, dolu və həddindən artıq yağıntıların Aİ-də iqlimlə əlaqəli kənd təsərrüfatı itkilərinin təxminən 80%-nə səbəb olduğu qeyd edilən araşdırmada Aİ-də iqlimlə əlaqəli təsərrüfat itkilərinin cəmi 20-30%-nin sığortalı olduğu və bu itkiləri azaltmaq üçün kənd təsərrüfatı sığortalarının daha geniş tətbiq edilməsinin vacibliyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram