İpoteka krediti alan zaman borcalan hansı xərcləri ödəyir? – Siyahı | Banco.az

İpoteka krediti alan zaman borcalan hansı xərcləri ödəyir? – Siyahı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ipoteka krediti vasitəsilə mənzil əldə edərkən yalnız kredit şərtlərini deyil, eyni zamanda bu proses zamanı tətbiq olunan dövlət rüsumlarını da nəzərə almaq vacibdir.

Banco.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu rüsumlar müxtəlif mərhələlərdə  müqavilələrin təsdiqi, dövlət qeydiyyatı və digər hüquqi prosedurlar zamanı ödənilir və aidiyyəti qurumlar tərəfindən həyata keçirilir.

Həmin rüsumlar bunlardır:

Alqı-satqı və ipoteka müqavilələrinin təsdiqi

İpoteka krediti hesabına alınan yaşayış sahəsi üzrə alqı-satqı və ipoteka müqavilələrinin (qarışıq müqavilə) təsdiqi üçün dövlət rüsumu məbləği əraziyə görə dəyişir.

Bakı şəhərində bu xidmət üçün 150 manat dövlət rüsumu müəyyən edilib. Digər şəhər və rayonlarda isə bu məbləğ daha aşağı - 50 manat təşkil edir. Bu proses Notariat ofisləri tərəfindən həyata keçirilir.

Güzəştli ipoteka üzrə rüsumlar

Güzəştli ipoteka krediti ilə mənzil əldə edən vətəndaşlar üçün daha aşağı dövlət rüsumları tətbiq olunur. Belə ki, Bakı şəhərində bu məbləğ 60 manat, digər şəhər və rayonlarda isə 25 manat təşkil edir. Bu da sosial həssas qruplar üçün əlavə maliyyə yükünü azaltmağa yönəlib.

Daşınmaz əmlakın dövlət qeydiyyatı

Mənzil alındıqdan sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zəruridir. Bu xidmət üçün 50 manat dövlət rüsumu ödənilir. Qeydiyyat prosesi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

İpotekanın qeydiyyatı və dəyişikliklər

İpoteka ilə bağlı hüquqların dövlət qeydiyyatı da ayrıca rüsum tələb edir. İpotekanın ilkin qeydiyyatı üçün 30 manat ödənilir. Əgər ipoteka üzrə əlavə dəyişikliklər (əlavə qeydiyyat) aparılarsa, bu zaman 15 manat dövlət rüsumu tətbiq olunur.

İpotekanın ləğvi

Kredit öhdəlikləri tam yerinə yetirildikdən sonra ipoteka yüklülüyünün daşınmaz əmlak üzərindən götürülməsi üçün də rüsum ödənilir. Bu məbləğ 15 manat təşkil edir və yenə də qeydiyyat orqanı tərəfindən icra olunur.

Digər notariat xərcləri

İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün əlavə olaraq 3 manat dövlət rüsumu müəyyən edilib. Bu xidmət də notariat orqanları tərəfindən həyata keçirilir.

İpoteka kağızının qeydiyyatı

İpoteka sənədi (ipoteka kağızı) hüquqi qüvvəyə minməsi üçün dövlət qeydiyyatına alınmalıdır. Bu proses Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

  • İpoteka kağızının dövlət qeydiyyatı üçün 10 manat dövlət rüsumu müəyyən edilib
  • Əlavə qeydiyyat (dəyişiklik və ya yenilənmə hallarında) üçün isə 4 manat ödənilir

Bu mərhələ ipoteka hüquqlarının rəsmiləşdirilməsi baxımından vacibdir.

Sığorta xərcləri

İpoteka kreditləri üzrə sığorta mexanizmi həm bankı, həm də borcalanı risklərdən qorumaq məqsədi daşıyır. Sığorta müqavilələri adətən qısa müddətdə - 1-3 gün ərzində rəsmiləşdirilir.

Əsas sığorta növləri bunlardır:

  • Borcalanın sığortası – borcalanın ölümü və ya əmək qabiliyyətini itirməsi hallarında tətbiq olunur. Bu sığortanın dəyəri kredit məbləğinin təxminən 0,26%-dən 2%-dək hissəsini təşkil edir.
  • İpoteka predmetinin sığortası – girov qoyulan daşınmaz əmlakın sığortasıdır və adətən kredit məbləğinin təxminən 0,2%-0,22%-i həcmində olur.

Bu sığorta növləri kredit müddətində risklərin minimuma endirilməsi üçün vacib şərt hesab olunur.

Daşınmaz əmlakın qiymətləndirilməsi

İpoteka krediti rəsmiləşdirilməzdən əvvəl alınacaq mənzilin bazar dəyəri müəyyənləşdirilməlidir. Qiymətləndirmə prosesi adətən 1-3 gün ərzində tamamlanır və mənzilin növündən, ölçüsündən və yerləşdiyi layihədən asılı olaraq dəyişir.

Köhnə tikili mənzillər

  • 1-3 otaqlı mənzillər üçün minimum 180 manat
  • 4 və daha çox otaqlı mənzillər üçün minimum 200 manat

Yeni tikili mənzillər

  • MİDA layihələri üzrə bütün mənzillər üçün 170 manat
  • Sahəsi 120 m²-ə qədər olan mənzillər üçün 200 manat
  • 121–150 m² arası mənzillər üçün 250 manat
  • 151 m²-dən böyük mənzillər üçün 260 manat

Fərdi yaşayış evləri

Mərtəbəsindən və torpaq sahəsindən asılı olmayaraq 260 manat

Qiymətləndirmə nəticəsi bankın kredit məbləğini müəyyən etməsində əsas rol oynayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram