"İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir" | Banco.az

"İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir"

İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir və Orta Dəhliz bu məsələdə strateji rol oynaya bilər.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Vacib hesab etdiyimiz istiqamətlərdən biri məhz tranzit potensialımızdan istifadədir. Bununla yanaşı, Zəngəzur dəhlizi həm Orta Dəhlizin əsas hissəsidir, həm də qərb və şimal-cənub dəhlizlərinin kəsişməsində yerləşir. Buna görə İordaniya üçün Azərbaycan tranzit habı kimi nəzərdən keçirilir və bu istiqamətdə həm cənubdan, həm də qərbdən gələn malların digər istiqamətlərə yönləndirilməsi (və əksinə) məsələsi müzakirə olunur. Bu dəhliz gələcəkdə onlar üçün çox vacib, strateji rol oynaya bilər", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda İordaniyanın tranzit potensialından geniş istifadə imkanlarını nəzərdən keçirir: "Xüsusilə Yaxın Şərq regionunda biz İordaniyanın təqdim etdiyi tranzit imkanından istifadə etmək niyyətindəyik".