İlk onlayn alış-veriş necə yarandı? | Banco.az

İlk onlayn alış-veriş necə yarandı?

Müəllif:Mehin Qasımova,Banco.az

Bu gün mağazaya getmədən bir neçə dəqiqə ərzində istənilən məhsulu sifariş etmək adi haldır.

Banco.az xəbır verir ki, amma onlayn alış-verişin yaranması heç də uzaq tarixə gedib çıxmır. İnternetin inkişafı ilə mağazalar tədricən küçələrdən kompüter və telefon ekranlarına köçdü.

Onlayn alış-verişin başlanğıcı 1990-cı illərə təsadüf edir. 1994-cü ildə internet üzərindən ilk təhlükəsiz alış-verişlərdən biri həyata keçirildi. Filadelfiyada bir istifadəçi kredit kartı ilə musiqi albomu sifariş etdi. Bu hadisə internetin yalnız məlumat almaq üçün deyil, alış-veriş üçün də istifadə oluna biləcəyini göstərdi.

Elə həmin illərdə Pizza Hut onlayn pizza sifarişi sistemini istifadəyə verdi. 1995-ci ildə isə gələcəkdə eBay adlanacaq AuctionWeb platforması fəaliyyətə başladı. Beləliklə, insanlar ilk dəfə internet üzərindən yalnız mağazalardan deyil, digər şəxslərdən də məhsul almağa başladılar.

1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amazon, eBay və Alibaba kimi şirkətlərin böyüməsi onlayn ticarətin inkişafını sürətləndirdi. Əvvəlcə əsasən kitab, elektronika və kiçik məhsullar satılırdı. Daha sonra geyimdən tutmuş mebelə, ərzaqdan avtomobil hissələrinə qədər demək olar ki, hər şey internet üzərindən satılmağa başladı.

Əsl böyük dəyişiklik isə smartfonların və mobil internetin yayılması ilə baş verdi. Artıq alış-veriş üçün kompüterə belə ehtiyac qalmadı. İnsanlar telefonlarından məhsulu seçir, ödəniş edir və sifarişin qapıya çatdırılmasını gözləyirlər.

Bu proses nəticəsində marketpleyslər(onlayn satış platformaları) meydana çıxdı. Əvvəllər bir mağazanın öz məhsullarını satdığı onlayn saytlar üstünlük təşkil edirdisə, marketpleyslərdə minlərlə satıcı öz məhsullarını eyni platformada təqdim etməyə başladı. Bu model həm satıcıların daha geniş auditoriyaya çıxmasına, həm də alıcıların bir neçə mağazanı eyni anda müqayisə etməsinə imkan verdi.

Pandemiya dövründə isə onlayn alış-veriş daha da sürətləndi. İnsanların evdən çıxmadan ərzaq, geyim, elektronika və digər məhsulları sifariş etməsi artıq gündəlik həyatın bir hissəsinə çevrildi.

Beləliklə, onlayn mağazalar sadəcə yeni alış-veriş üsulu yaratmadı. Onlar insanların məhsul seçmək, qiymət müqayisə etmək, ödəniş etmək və alış-verişə vaxt ayırmaq vərdişlərini tamamilə dəyişdirdi.