Müəllif - Fərid İslamov - banco.az
Cənubi Koreyanın Hyundai Motor Group şirkəti 2025-ci ildən 2028-ci ilədək ABŞ iqtisadiyyatına 21 milyard dollar investisiya edəcək.
Şirkətin mətbuat məlumatında deyilir ki, bu investisiyalar istehsal güclərinin genişləndirilməsinə, təchizat zəncirlərinin möhkəmləndirilməsinə və qabaqcıl texnologiyaların inkişafına yönəldiləcək.
Xüsusilə, Hyundai ABŞ-da avtomobil istehsalının artırılmasına 9 milyard dollar sərmayə qoyacaq. Güclərin genişləndirilməsi hər il ABŞ-da Hyundai Motor, Kia və Genesis markalarından ümumilikdə 1,2 milyon avtomobil istehsal etməyə imkan verəcək, məlumatda qeyd olunur.
Bundan əlavə, şirkət Alabama və Corciyada istehsal müəssisələrinin modernləşdirilməsinə vəsait yönəltməyi planlaşdırır.
Hyundai, həmçinin, ABŞ-da logistika və poladəritmə biznesinin inkişafına 6 milyard dollar investisiya qoymağı planlaşdırır ki, bu da, o cümlədən, elektromobillər üçün akkumulyatorların istehsalı daxil olmaqla, avtomobil komponentlərinin istehsalının daha çox yerli səviyyədə həyata keçirilməsini təmin edəcək.