Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyanın avtomobil istehsalçısı "Honda" yenidən işlənmiş elektrik avtomobili strategiyası ilə bağlı böyük xərclər səbəbindən 2026 maliyyə ilində əməliyyat zərəri açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, 31 martda başa çatan maliyyə ilində əməliyyat zərəri 414,3 milyard yen (təxminən 2,6 milyard dollar) təşkil edib. Əvvəlki maliyyə ilində şirkət 1,2 trilyon yen əməliyyat mənfəəti əldə edib.
Analitiklər isə orta hesabla 315,6 milyard yen əməliyyat zərəri proqnozlaşdırırdılar.
Şirkətin xalis zərəri 423,9 milyard yen olub. Bir il əvvəl isə "Honda" 835,8 milyard yen xalis mənfəət açıqlayıb.
Qeyd olunur ki, bu, şirkətin açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərdiyi təxminən 70 illik tarixində ilk illik əməliyyat zərəridir. Zərərin əsas səbəbi elektrikli nəqliyyat vasitələri strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı yaranan itkilər olub.
Şirkət mart ayında bu dəyişikliklər səbəbindən 2,5 trilyon yenə qədər aktiv silinməsi riski barədə xəbərdarlıq etmişdi. Hesabat dövründə isə 1,6 trilyon yen həcmində zərər qeydə alınıb.
Hesabat dövründə şirkətin ümumi gəliri 21,7 trilyon yendən 21,8 trilyon yenə yüksəlib. Avtomobil bölməsinin gəlirləri 14,5 trilyon yendən 14,2 trilyon yenə düşsə də, motosiklet bölməsinin gəlirləri 3,6 trilyon yendən 4 trilyon yenə yüksəlib.
Şirkət maliyyə ili ərzində 3,387 milyon avtomobil satıb ki, bu da illik müqayisədə 8,9% azalma deməkdir. Motosiklet satışları isə 7,4% artaraq 22,101 milyon ədədə çatıb.
Cari maliyyə ili üçün "Honda" 260 milyard yen xalis mənfəət və 500 milyard yen əməliyyat mənfəəti gözləyir. Şirkət gəlirlərin 6,2% artaraq 20,15 trilyon yenə çatacağını proqnozlaşdırır.
Şirkətin proqnozları dollar/yen məzənnəsinin orta hesabla 145 yen səviyyəsində olacağı ehtimalına əsaslanır.
Honda bu il təxminən 3,39 milyon avtomobil və 22,8 milyon motosiklet satmağı planlaşdırır.
Şirkətin səhmləri cümə axşamı keçirilən ticarətdə 3,8% bahalaşıb. Buna baxmayaraq, ilin əvvəlindən etibarən "Honda" bazar kapitallaşması 14,1% azalaraq 4,95 trilyon yenə düşüb.
