İyul ayının 3-də “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb.
Marja xəbər verir ki, Agentlik tərəfindən yayımlanan məlumatda ölkədə davam edən islahatlar fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılığının azaldığı qeyd olunub. Agentlik davam edən tənzimləyici islahatların, o cümlədən Bazel III standartlarının tətbiqinin və maliyyə sektorunda korporativ idarəetmənin təkmilləşdirilməsinin bank sektorunun dayanıqlılığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Hesabatda pul-kredit siyasətinin ötürücülüyünün artırılması və fiskal idarəetmədə şəffaflığın yüksəldilməsi üzrə aparılan islahatların maliyyə sektorunda idarəetmə potensialını gücləndirdiyi qeyd olunub.
Ümumilikdə müsbət proqnoz institusional inkişaf və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlərlə bağlı gözləntiləri əks etdirir.