Hindistanda sənaye istehsalı sürətlə artır | Banco.az

Hindistanda sənaye istehsalı sürətlə artır

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistanda sənaye istehsalı 2025-ci ilin noyabr ayında son iki ildən artıq dövrdə ən yüksək artım tempini qeydə alıb.

Banco.az xəbər verir ki, Hindistanın Statistika Nazirliyinin məlumatına görə, sənaye istehsalı illik müqayisədə 6,7% artıb.

Bu göstərici 2023-cü ilin oktyabrından bəri ən yüksək artım kimi qiymətləndirilir. Halbuki Trading Economics analitikləri noyabr ayında sənaye istehsalında artımın orta hesabla 2,5% səviyyəsində olacağını proqnozlaşdırırdılar.

Qeyd edək ki, oktyabr ayı üzrə sənaye istehsalı artımı əvvəlcə 0,4% olaraq açıqlansa da, sonradan 0,5%-ə yenidən baxılıb.

Sektorlar üzrə göstəricilərə gəlincə, istehsal sənayesi oktyabrda 2% artımdan sonra noyabrda 8% yüksəlib. Mədən sənayesi isə əvvəlki ay 1,8% azalmadan sonra noyabrda 5,4% artım nümayiş etdirib. Elektrik enerjisi istehsalı isə noyabr ayında 1,5% azalıb, halbuki oktyabrda bu azalma 6,9% təşkil etmişdi.

Məlumatlar Hindistan iqtisadiyyatında sənaye fəallığının bərpa olunduğuna işarə edir.