Müəllif - Fərid İslamov - Banco.az
Fransanın tənzimləyici orqanı CNIL Google (Alphabet Inc.-in tərkibinə daxildir) və onlayn geyim pərakəndəçisi Shein şirkətlərini istifadəçilərin şəxsi məlumatlarının qorunması hüquqlarını pozduqları üçün ümumilikdə rekord 475 mln avro məbləğində cərimələyib.
CNIL-in məlumatına görə, Google 325 mln avro, Shein isə 150 mln avro cərimələnib.
CNIL-in fikrincə, Google Gmail elektron poçtundakı xüsusi sekmələrdə reklam göstərmək üçün istifadəçilərin razılığını tələb etməli idi. Tənzimləyici qeyd edir ki, nəticədə 53 mln insan reklam mesajları alıb, lakin düzgün razılıq alınmayıb.
Shein isə istifadəçilərin saytına daxil olduqları zaman cookies fayllarını onların fəaliyyət izləmə seçimlərini etmədən yerləşdirib.
Hər iki şirkət istifadəçilərə fəaliyyətlərinin reklam məqsədilə izlənildiyi barədə kifayət qədər məlumat verməyib.
Google nümayəndəsi bildirib ki, şirkət CNIL-in qərarını öyrənir. Shein isə apellyasiya verməyi planlaşdırır.
