Fransa Mərkəzi Bankının rəhbəri hesab edir ki, Avropa Mərkəzi Bankı inflyasiyanı nəzarət altına alıb | Banco.az

Fransa Mərkəzi Bankının rəhbəri hesab edir ki, Avropa Mərkəzi Bankı inflyasiyanı nəzarət altına alıb

Müəllif - Fərid İslamov - Banco.az

Avrozona inflyasiyası etibarlı nəzarət altındadır, iqtisadi artım isə proqnozlara uyğun gedir, bunu Avropa Mərkəzi Bankının (ECB) idarə heyətinin üzvü və Fransa Mərkəzi Bankının rəhbəri Fransua Villerua de Galo bildirib.

Çərşənbə günü məlum olub ki, avrozonada avqust ayında istehlak qiymətləri illik ifadədə 2,1% artıb, bu isə iyulun 2%-lik göstəricisindən sürətlənmə deməkdir. Analitiklər avqustda qiymətlərin əvvəlki ay səviyyəsində qalmasını gözləyirdilər.

İyun ayındakı ECB proqnozu inflyasiyanın gələn il 1,6%-ə qədər azalmasını və 2027-ci ilə qədər 2%-lik hədəvə qayıtmasını nəzərdə tuturdu. Yenilənmiş proqnozlar sentyabr iclası nəticəsində açıqlanacaq.

De Galo həmçinin qeyd edib ki, Fransada iqtisadi artımın ikinci rübdə sürətlənməsi ölkədə illik artımın 0,6%-lik proqnoza uyğun olacağına ümid verir.

"Belə nisbi dayanıqlıq şəraitində Fransa iqtisadiyyatının əsas problemini – həddindən artıq büdcə defisiti və dövlət borcunu həll etmək xüsusilə vacibdir", – deyə o bildirib.

Fransa Mərkəzi Bankının rəhbəri əlavə edib: "Fiskal problemin sadə həlli yoxdur. Amma ölkəmiz bu məsələni nə qədər çox təxirə salsa, zəruri tədbirlər bir o qədər ağrılı olacaq."