Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da elektrikli nəqliyyat vasitələrinə (ENV) tələbatın gözləniləndən zəif olması və dövlət təşviqlərinin ləğvindən sonra "Ford Motor Company" strateji planlarını yenidən nəzərdən keçirib.
Banco.az xəbər verir ki, şirkət bir neçə elektrikli avtomobil modelinin satışını dayandırdığını, aktivlər üzrə 19,5 milyard dollar dəyərsizləşmə itkisi qeydə aldığını və əsas diqqətini hibrid nəqliyyat vasitələrinə yönəltdiyini açıqlayıb.
"Ford"un baş direktoru Cim Farli Miçiqandakı dizayn studiyasında keçirilən təqdimat zamanı illərdir üzərində işlənən bir sıra ENV layihələrinin ləğv edildiyini bildirib. Onun sözlərinə görə, şirkət 2023-cü ildən bəri elektrikli nəqliyyat vasitələri üzrə əməliyyatlarda təxminən 13 milyard dollar zərər edib və gəlirsiz məhsullara resurs ayırmaq mümkün deyil. Farli qeyd edib ki, ABŞ istehlakçıları bu seqmentdə gözlənilən səviyyədə ödəniş etməyə hazır olmayıb.
Ekspertlər ENV satışlarının zəifləməsini ABŞ-da stimullaşdırıcı tədbirlərin dayandırılması ilə əlaqələndirirlər. Tramp administrasiyası dövründə hər elektrikli nəqliyyat vasitəsi üçün nəzərdə tutulan 7 500 dollarlıq vergi güzəştinin ləğvi və emissiya qaydalarının yumşaldılması bazara mənfi təsir göstərib. Nəticədə ENV-lərin bazar payı ABŞ-da təxminən 5% səviyyəsində qalıb; bu göstərici Çində 50%, Avropada isə 25% təşkil edir.
