Əhalini internetdə ən çox bu üsullarla aldadırlar | Banco.az

Əhalini internetdə ən çox bu üsullarla aldadırlar

Azərbaycanda elektron ticarətdə saxta saytlar, fişinq və süni intellekt əsas dələduzluq riskləridir.

Bunu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.

Onun sözlərinə görə, ən geniş yayılmış üsullar arasında saxta elektron ticarət saytları, saxta investisiya platformaları, maliyyə dələduzluğu sxemləri, eləcə də fişinq və digər aldatma metodları yer alır:

"Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edərək müxtəlif vədlər və saxta təkliflərlə onların pul vəsaitlərini ələ keçirirlər. Cinayətlərin ümumi mahiyyəti dəyişməsə də, istifadə olunan aldatma üsulları və texnologiyalar getdikcə daha da təkmilləşir. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər yaradır. Artıq bəzi hallarda süni intellekt vasitəsilə fişinq mesajlarının hazırlanması və hətta insanların səsinin klonlaşdırılması kimi üsullarla həyata keçirilən dələduzluq halları müşahidə olunur".

Report