Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir? | Banco.az

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 4 milyon 781 min manat təşkil edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 min manat və ya 0,4% azdır.

Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 17,9% azalaraq 57 min manata enib. 

Ölkəmizdə kredit sığortası marağın az olduğu sığorta növlərindən biridir. Bunun səbəbləri ilə bağlı  sığorta eksperti Şahin İsmayılov Banco.az-a açıqlama verib.

"Kredit sığortası bazarı hal-hazırda inkişaf mərhələsindədir. Lakin hələ tam inkişaf etməyib. Mərkəzi Bankın 2024-2026 strategiyası sığorta sektorunun, o cümlədən kredit sığortasının genişləndirilməsini prioritet hesab edir. Bank kreditlərinin artması ilə paralel olaraq, kredit sığortasına maraq da yüksəlir. Bu həm bankların risklərini azaldır, həm də müştərilərin ödəniş qabiliyyətini yüksəldir". 

Ekspert bildirib ki, əgər statistika kredit sığortası bazarında kiçilmə tendensiyası göstərirsə, deməli baklardan kredit götürənlərin sayı azalıb. Kredit götürənlərin sayının azalması isə artıq əhalinin kreditə marağının azalması səbəbindən baş verə bilər.

Həmçinin əlavə edək ki, kredit götürən şəxsin sığortadan imtina etməsinin əsas səbəblərindən biri əlavə xərcdən qaçmaq istəyidir. Çünki kredit götürən zaman vətəndaşların əksəriyyəti gələcəyi deyil, yalnız bu günü düşünür. Sabah qəfil bir hadisə ilə ölmək ehtimalı çox vaxt diqqətdən kənarda qalır. Belə hallarda isə yaranan maddi yük övladların üzərinə düşə bilər. İndiki dövrdə bu kimi halların qarşısını almaq üçün sığorta vacibdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram