Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard qlobal ticarət gərginliyində davam edən eskalasiyanın inflyasiya mənzərəsini çətinləşdirdiyi barədə xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) Prezidenti Kristin Laqardın Vaşinqtonda keçirilən Beynəlxalq Pul və Maliyyə Komitəsinin (IMFC) iclasında etdiyi çıxış ECB-nin rəsmi saytında dərc edilib. Laqard çıxışında qlobal iqtisadiyyata və inflyasiya perspektivlərinə dair vacib mesajlar verib.
O, inkişaf etmiş ölkələrdə əmək bazarının zəifləməsi və son illərdə həyata keçirilən sərt pul siyasəti nəticəsində inflyasiyanın tədricən azalmasının gözlənildiyini bildirib. Lakin o, eyni zamanda xəbərdarlıq edib ki, ticarət gərginliklərinin artmaqda davam etməsi inflyasiya perspektivini daha da mürəkkəbləşdirir:
“Gömrük tarifləri valyuta məzənnələrində dalğalanmalara səbəb ola, idxal qiymətlərinə təsir edə və tədarük zəncirlərini poza bilər. Bu faktorların inflyasiya üzərindəki təsiri isə hələ də qeyri-müəyyəndir,” – deyə Laqard vurğulayıb.
"Böyümə zəifləyə bilər"
Laqard çıxışında geosiyasi gərginliklərin enerji bazarları, inam və investisiyalar baxımından inflyasiya üçün ikitərəfli risklər yaratmağa davam etdiyini qeyd edib. Onun sözlərinə görə, inflyasiyanın əsas istiqamətinə dair aparılan qiymətləndirmələrin əksəriyyəti bu göstəricinin orta müddətli dövrdə AMB-nin 2 faiz hədəfinə doğru sabitləşəcəyini göstərir.
“Biz inflyasiya hədəfini davamlı və sabit şəkildə təmin etməkdə qətiyyətliyik,” – deyə o əlavə edib.
Bununla yanaşı, Laqard iqtisadi artım baxımından risklərin artdığını bildirib:
“Qlobal ticarət gərginliklərinin kəskin şəkildə artması və bunun doğurduğu qeyri-müəyyənliklər, ixracı azaldaraq Avrozonada iqtisadi artımı zəiflədə, investisiya və istehlakı aşağı sala bilər.”
Maliyyələşmə də çətinləşə bilər
ECB rəhbəri əlavə edib ki, maliyyələşmə şərtləri də sərtləşə bilər və bu, həm müəssisələrin investisiya imkanlarına, həm də əhalinin istehlak xərclərinə mənfi təsir göstərə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!