Müəllif:Mehin Qasımova,Banco.az
"Brand Finance" konsaltinq şirkətinin illik hesabatına görə, dünyanın ən böyük korporasiyalarına məxsus qeyri-maddi aktivlərin ümumi dəyəri son bir ildə 23% artaraq 97,6 trilyon dollara yüksəlib.
Banco.az xəbər verir ki, Bu, 1996-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Hesabatda bildirilir ki, "Nvidia" qeyri-maddi aktivlərin dəyərini 50% artıraraq 4,3 trilyon dollara çatdırıb və siyahıda birinci yerə yüksəlib. "Microsoft" 3,78 trilyon dollarla (+27%) ikinci yerdə qərarlaşıb. Keçən il lider olan "Apple" isə qeyri-maddi aktivlərinin 6% azalması nəticəsində 3,08 trilyon dollar göstərici ilə üçüncü yerə düşüb.
Daha sonra "Amazon" (2,1 trilyon dollar, +31%), "Alphabet" (2 trilyon dollar, +22%), "Meta" (1,8 trilyon dollar, +51%), "Broadcom" (1,5 trilyon dollar, +97%), "Tesla" (936 milyard dollar, +66%) və "TSMC "(789 milyard dollar, +27%) gəlir.
Avropada ən yüksək nəticə Almaniyanın "SAP" şirkətinə məxsusdur — 324 milyard dollar (+40%), bu da onu ötən ilin 42-ci yerindən 26-cı yerə yüksəldib.
Ölkələr arasında ABŞ qeyri-maddi aktivlərin ümumi dəyərinə görə liderliyə yüksələrək 2021-ci ildən sonra ilk dəfə Danimarkanı geridə qoyub. ABŞ bazarının payı 77%-dən 78%-ə yüksəldiyi halda, Danimarkanın payı 82%-dən 67%-ə düşüb. Bu azalma əsasən "Novo Nordisk" şirkətinin qeyri-maddi aktivlərinin 67% ucuzlaşması ilə əlaqələndirilir.
Ümumilikdə, əczaçılıq sənayesi son bir ildə 8% azalma ilə 6,5 trilyon dollara geriləyib — bu da sektor üzrə ən böyük eniş hesab olunur.
Qeyri-maddi aktivlər fiziki mahiyyəti olmayan, lakin dəyəri müəyyən edilə bilən və üç kateqoriyaya bölünən aktivlərdir: hüquqlar, münasibətlər və əqli mülkiyyət (brendlər, patentlər, müəllif hüquqları və s.).
Brand Finance-in “Global Intangible Finance Tracker” hesabatına 150 ölkədən 59 minə yaxın birja şirkəti daxildir.
