Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı | Banco.az

Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyada yerləşən və 1863-cü ildə əsası qoyulan hazır geyim brendi "Eterna" maliyyə çətinlikləri səbəbindən iflas elan edib.

Banco.az xəbər verir ki, şirkətin müraciəti Passau Yerli Məhkəməsi tərəfindən qəbul olunub və prosesin məhkəmə nəzarəti altında aparılacağı açıqlanıb.

Şirkət  rəhbərliyi bildirib ki, artan istehsal və əməliyyat xərcləri, eləcə də bazar tələbatının azalması şirkətin maliyyə vəziyyətini kəskin şəkildə pisləşdirib. Xüsusilə Covid-19 pandemiyası dövründə fiziki mağazalara əsaslanan satış modelinin ciddi zərbə aldığı və bunun gəlirliliyi zəiflətdiyi vurğulanıb.

Qeyd olunub ki, şirkətin 2021-ci ildə Şirkətin Sabitliyi və Yenidən Qurulması Qanunu çərçivəsində başladığı bərpa prosesi uzunmüddətli effekt verməyib. Buna görə də "Eterna" klassik iflas proseduru əvəzinə özünüidarəetmə modelini seçib. Bu model şirkətə xarici idarəçi təyin edilmədən, məhkəmə nəzarəti altında restrukturizasiya aparmağa imkan verir.

Restrukturizasiya çərçivəsində kreditorlarla danışıqlar aparılacaq. Rəhbərlik əsas hədəfin şirkətin fəaliyyətini davam etdirmək və təxminən 900 işçidən mümkün qədər çoxunun iş yerini qorumaq olduğunu bildirib.

Məlumata görə, maliyyə problemlərinə idarəetmə heyətindəki dəyişikliklər də təsir göstərib. 2025-ci ilin yanvarında vəzifəyə başlayan baş direktor Kristian Breqovac qısa müddət sonra postunu tərk edib. Hazırda əməliyyatlara baş direktor Dirk Heper və maliyyə direktoru Herbert Oelke rəhbərlik edir.

Sənaye ekspertləri Eterna-nın iflasını hazır geyim sektorundakı struktur problemlərin göstəricisi kimi qiymətləndirirlər. Fiziki mağazaların zəifləməsi, onlayn brendlərin artması və aşağı qiymətli məhsullar təklif edən şirkətlərlə rəqabət bir çox tanınmış brendi oxşar risklərlə üz-üzə qoyur.