Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Müəllif:Mehin Qasımova,Banco.az 

Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 68,43 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,28 dollar (0,41%) bahadır.

Banco.az xəbər verir ki, bazar ertəsi bu müqavilələrin bir barelinin qiyməti 0,67 dollar (1%) artaraq 68,15 dollar olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçersləri cümə gününün bağlanış səviyyəsindən 0,9 dollar (1,41%) bahalaşaraq bir barelə görə 64,91 dollar təşkil edir. Bazar ertəsi NYMEX-də əsas ticarət ABŞ-da tətil olduğu üçün keçirilməyib.

Neft bazarı Ukraynanın Rusiyanın enerji obyektlərinə davam edən hücumları fonunda Rusiyadan neft tədarükünün mümkün kəsilməsi ilə bağlı narahatlıqlarla dəstəklənir.

ABŞ-ın maliyyə naziri Scott Bessent bazar ertəsi bildirib ki, Ağ Ev bu həftə Rusiyaya təsir etmək üçün bütün variantları nəzərdən keçirəcək. O qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiya təzyiqi variantlarını nəzərdən keçirməkdə davam edir, çünki Ukraynada münaqişə hələ də davam edir.