Neftin qiymətləri əvvəlki həftənin bahalaşmasından sonra bazar ertəsi səhər mülayim şəkildə yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında oktyabrın 1-də Brent markalı neftin fyuçersləri 0,06 dollar (0,09%) bahalaşaraq 67,79 dollar/barel təşkil edib. Ötən cümə günü Brent 6 sent bahalaşaraq bir barel üçün 67,73 dollar olub.
Bu vaxta qədər WTI markalı neftin oktyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında 0,05 dollar (0,08%) bahalaşaraq bir barelə görə 63,71 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,14 dollar (0,22%) artaraq 63,66 dollar/barel olub.
Ötən həftə Brent 2,9%, WTI 1,4% bahalaşıb. Həftəlik artım avqustun əvvəlindən bəri ilk dəfə qeydə alınıb.
Bazar iştirakçıları Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar ətrafında vəziyyəti izləyirlər. Ötən cümə günü ABŞ prezidenti Donald Tramp bildirib ki, o, nə Rusiyaya qarşı sanksiyaların tətbiqini, nə də əlavə tədbirlər görməkdən imtina etmir.